"Region Agro" MMC komandası Qax və Balakən rayonlarında keçirilən toxum sərgi-satış yarmarkasında iştirak edib 🌾


1 oktyabr 2024-cü il tarixində Kənd Təsərrüfatı Nazirliyi və Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qax və Balakən rayonlarında toxum sərgi-satış yarmarkası keçirildi. "Region Agro" MMC olaraq, bu əhəmiyyətli tədbirdə fəal iştirak edərək, yerli fermerlərə kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün geniş çeşiddə yüksək keyfiyyətli yerli və xarici sort toxumlarımızı təqdim etdik.

 

Sərgi çərçivəsində xüsusilə iqlim şəraitinə uyğun və xəstəliklərə qarşı müqavimətli toxumlarımız barədə fermerlərə ətraflı məlumat verildi. Yerli bazarın ehtiyaclarına cavab verən, yüksək məhsuldarlığı ilə seçilən buğda və arpa toxumları fermerlər arasında böyük maraq doğurdu. Hər bir toxum növünün spesifik xüsusiyyətləri və üstünlükləri barədə ətraflı məlumat verərək, fermerlərin düzgün seçim etməsinə dəstək olduq.


Kənd Təsərrüfatı Nazirliyi və Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə keçirilən bu yarmarka, kənd təsərrüfatında innovasiyaların tətbiqi və yerli fermerlərin modern texnologiyalarla tanışlığı baxımından böyük əhəmiyyət kəsb edir. Tədbir ərzində Region Agro MMC mütəxəssisləri fermerlərə toxumların istifadəsi, məhsulun keyfiyyətinin yüksəldilməsi və dayanıqlı inkişafın təmin olunması ilə bağlı məsləhətlər verdi.


"Region Agro" MMC olaraq, fermerlərimizi dəstəkləmək və yerli kənd təsərrüfatı sektorunu gücləndirmək məqsədilə belə tədbirlərdə aktiv iştirak etməyə davam edəcəyik.