Region Agro MMC 2016-cı ildə yaradılmışdır. Bizim başlıca məqsədimiz ərzaq təhlükəsizliyini təmin edərək ölkənin idxaldan asılılığını azaltmaq, daxili bazarı üstün keyfiyyətli, yerli məhsullarla təmin etmək və ölkənin ixrac potensialını sürətləndirməkdir. Fəaliyyətimiz boyunca Goranboy və Samux rayonlarını əhatə edən ümumi sahəsi 4700 hektar olan ərazidə, kənd təsərrüfatının inkişafı üçün mühüm işlər görülüb. Belə ki, Goranboy rayonunda uzun müddət istifadəsiz qalmış 3500 hektar, Samux rayonunda isə 1200 hektar qış otlaq sahələrinin təyinatı Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. “Bozdağ massivi” ərazisində yerləşən, yararsız vəziyyətdə olan torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilməsi üçün ərazidə yüksək keyfiyyətli hamarlama işləri aparılmışdır. Yerli və xarici mütəxəssislərin iştirakı ilə ərazidə tədqiqatlar aparılıb torpağın biohumus qatı bərpa edilib. Torpaq nümunələri Türkiyənin beynəlxalq akkreditasiya olunmuş “Laben” laboratoriyasına göndərilibvəanalizlərin nəticələrinə uyğun əkinplanı hazırlanıb. Ərazilərin suvarılması üçündövlət əsaslı investisiya hesabına Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı üzərində baş suqəbuledici qurğu, nəqledici boru kəməri, sututumu 100 min kubmetr olan dəmir-beton üzlüklü hovuz, sututumu 300 min kubmetr olan torpaq əsaslı hovuz inşa olunub. Əkin sahələrinin suvarılması üçün isə 2502 hektar əkin sahəsində Amerika istehsalı 44 müasir pivot suvarma sistemi qurulub. İstehsal olunan məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılması üçün hər birinin tutumu 3 min ton olan 18 min tonluq 6 taxıl anbarı kompleksi və saatda gücü 10 ton olan qurutma sistemi inşa olunub. Amerika və Türkiyədən alınan avadanlıqlarla təchiz olunmuş taxıl anbarı kompleksi tam avtomatlaşdırılmış qaydada fəaliyyət göstərir. Kompleks məhsulu qəbul edir, təmizləyir və qurudaraq saxlanılması üçün anbarlara ötürür. Aqroparkda işçilər, kənardan cəlb olunmuş mütəxəssis və qonaqlar üçün 72 yerlik ikimərtəbəli tam infrastruktura malik müasir yataqxana və ikimərtəbəli ofis binası tikilib.